MƏDƏNİYYƏT


Kitabxanaların uşaq şöbələrinin əməkdaşları üçün ixtisasartırma kursları təşkil olunub

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları”, “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” və “Kreativ peşə səriştələri” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimlər Şamaxı şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İncəsənət Təhsili Mərkəzi və Mədəniyyət Mərkəzi ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında da təşkil olunacaqdır.

“Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları” mövzusunda keçiriləcək təlimdə dinləyicilər mütaliənin mahiyyəti, mütaliə mədəniyyəti, mütəfəkkirlərin mütaliə haqqında söylədikləri, erkən yaşlardan uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında kitabxanaların rolu, uşaqlarda kitaba maraq, şüurlu münasibət, oxu gigiyenası, kitabla rəftar qaydalarının öyrədilməsi, kitabı müstəqil seçmək, kataloq, kartotekadan və tövsiyə siyahılarından istifadə etmək bacarığının aşılanması, mütaliəyə marağın artırılmasının müasir yolları. uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri kimi bilikləri əldə edəcəklər. Kurs kuratoru Nəzakət Rəhmanovadır.

Aygün Hüseynovanın kuratorluğu ilə “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” mövzusunda keçiriləcək təlimdə iştirakçılar kitabxana-informasiya xidməti anlayışı, kitabxanalarda uşaq oxucuları üçün abonement, qiraət zalları (multimedia zalları) vasitəsilə kitabxana-informasiya xidmətinin təşkili, kitabxanada komfortlu mühitin yaradılması, elektron kataloq və digər bu istiqamətdə görülən işləri öyrənəcəklər.

Pərvanə Hüseynovanın kuratorluğu ilə “Kreativ peşə səriştələri” kursunda isə dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye və mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində bilikləri mənimsəyəcəklər.

Kursların açılış mərasimində Mərkəzin sosial tərəfdaşı olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov mütaliənin gənclər arasında təbliğ olunmasında dövlət kitabxanalarının əhəmiyyəti barədə məruzə ilə çıxış edib.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq.

Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapıb.

Xatırladaq ki, mərkəzin ilk təlimləri cari ilin aprelin 22-dən 26-dək Lənkəran şəhərində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.