ELM VƏ TƏHSİL
Kiyevdə Nizami Gəncəvi haqqında tədqiqatın təqdimatı keçiriləcək
Kiyev, 14 iyun, AZƏRTAC
Kiyevdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna V.Vernadski adına Milli Kitabxanasının Elmi-Biblioqrafik Məlumat şöbəsinin kollektivi tərəfindən Nizami Gəncəvi haqqında biblioqrafik tədqiqatın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdimat Nizami Gəncəvinin 880-ci ildönümünə təsadüf edir. Tədqiqatda Nizaminin əsərlərinin Ukrayna dilinə tərcümələri, Ukrayna alimlərinin Nizami və onun yaradıcılığı haqqında araşdırmaları, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri haqqında məqalələr və digər materiallar barədə sistemləşdirilmiş məlumatlar əks olunub. Biblioqrafik tədqiqat 1917-2020-ci illəri əhatə edir.
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mütəmadi olaraq Ukraynada ölkələrimiz arasında münasibətlərin inkişafına, eləcə də Azərbaycan multikulturalizmi konsepsiyasının təşviqinə yönəlmiş layihələr həyata keçirir. Bildiyimiz kimi, Nizaminin yaradıcılığında Azərbaycan xalqına xas olan ümumbəşəri humanizm, tolerantlıq və qarşılıqlı hörmət dəyərləri əks olunub. Bu tədqiqatın təqdimatını dəstəkləyərək, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ukraynalılara Nizami Gəncəvi haqqında yüksək humanizm dəyərlərini tərənnüm edən böyük bir mütəfəkkir kimi daha çox məlumat əldə etməyə kömək edir”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bəhs edib.
“Bu tədqiqat Nizami Gəncəvi yaradıcılığının Ukraynada yüz ildən çox populyarlaşma müddətini təhlil etmək imkanı verir. Bu, çox vacib bir araşdırmadır, çünki həm ədəbiyyatşünaslar, həm də geniş ukraynalı oxucu dairəsi Nizaminin Ukrayna dilinə tərcümələrinin nə olduğu, araşdırmaları, məqalələri, kitabxana fondlarında tez tapılması yolları barədə sistemləşdirilmiş məlumatlarla tanış ola biləcəklər. Qeyd etmək istəyirəm ki, Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fondları 15 milyon 800 min saxlama vahidini keçib. Tədqiqatın təqdimatı Ukraynada Nizami irsinin populyarlaşdırılmasında, habelə Ukrayna tamaşaçısının Nizami yaradıcılığı ilə tanışlığına yönəlmiş gələcək layihələrin daha fundamental həyata keçirilməsi üçün çox vacib bir addım olacaq”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk şərh edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev