CƏMİYYƏT
Kiyevdə fotosərgidə Azərbaycan hərbçilərinin Əfqanıstanda keçdiyi döyüş tarixinə dair stend nümayiş olunur
Kiyev, 6 fevral, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində Sovet ordusunun Əfqanıstandan çıxmasının 30 illiyinə həsr olunan fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, fotosərgidə səfirliyimizin dəstəyi ilə Azərbaycan hərbçilərinin Əfqanıstanda keçdiyi döyüş tarixinə dair stend də qurulub. Kiyev şəhər Dövlət Administrasiyasında təşkil olunan fotosərginin rəsmi açılış mərasiminə xarici ölkə səfirləri, Əfqanıstan müharibəsi iştirakçıları qatılıblar.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Ermənistan tərəfindən işğala məruz qalan ölkəmizin vətəndaşları müharibənin nə olduğunu daha yaxşı anlayırlar. Ona görə də dünyada müharibə ocaqlarının yaranmaması üçün hər bir dövlət üzərinə düşən hüquqi vəzifəni layiqincə yerinə yetirməlidir.
Səfir qeyd edib ki, on illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub, 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər.
Digər ölkələrin səfirləri çıxış etdikdən sonra fotosərginin rəmzi açılışını bildirən lent kəsilib.
Tədbirdə Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov da iştirak edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev