CƏMİYYƏT
Klinik Uşaq Xəstəxanasına yanvar-sentyabr aylarında 8 minə qədər xəstə qəbul olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında “dəyirmi masa” təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 1960-cı ildən fəaliyyət göstərən, 2009-2010-cu illərdə əsaslı təmir və yenidənqurma işləri aparılan xəstəxananın fəaliyyətindən danışılıb. Somatik və yoluxucu korpuslardan ibarət olan 200 çarpayılıq xəstəxanada müayinə və müalicə işinin dünya standartlarına uyğun təşkil edildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində xəstəxanaya 7998 xəstə qəbul olunub. Xəstəxanada qanın ümumi analizi, biokimyəvi, seroloji müayinə, qanda şəkər, onurğa beyin mayesinin sitoloji müayinələri ən müasir laboratoriya avadanlığı və reaktivlərlə aparılır.