REGİONLAR
Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Lerik və Astara rayonlarında olub
Lerik-Astara, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena cənub bölgəsinə səfəri çərçivəsində oktyabrın 5-6-da Lerik və Astara rayonlarında olub.
AZƏRTAC xəbər verir ki, kolumbiyalı diplomat Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovla görüşüb.
R.Bağırov rayonun qədim tarixi, sosial-iqtisadi inkişafı haqqında qonağa ətraflı məlumat verib.
Assad Jose Jater Pena Lerikdə olmasından məmnunluğunu bildirərək, Azərbaycanın sosial-iqtisadi inkişafının onda xoş təəssürat yaratdığını, paytaxtla yanaşı, region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini vurğulayıb.
Görüş zamanı kolumbiyalı diplomata rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr və Lerik haqqında yazılmış kitablar verilib.
Assad Jose Jater Pena Lerikdə Heydər Əliyev Mərkəzini ziyarət edib, rayon tarix-diyarşünaslıq və “Uzunömürlülər” muzeyində eksponatlarla, rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olub. Kolumbiyalı qonağa Lerikin uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilib.
Diplomat özü ilə gətirdiyi kitabları rayon mərkəzi kitabxanasına hədiyyə edib.
Daha sonra o, rayonun “Relax” İstirahət və Turizm Mərkəzində Azərbaycanın milli mətbəxinin nümunələri ilə yaxından tanış olub, Zuvand rayonunun təbiət guşələrini seyr edib.
Kolumbiyalı qonaq rayonun geniş turizm potensialına və burada həyata keçirilən abadlıq-quruculuq işlərinə heyran qaldığını vurğulayaraq, rayonun gözəl təbiətinin onu valeh etdiyini diqqətə çatdırıb.
X X X
Oktyabrın 6-da, günün ikinci yarısında Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Leriklə tanışlıqdan sonra Astara rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində kolumbiyalı diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Kolumbiya ilə Azərbaycan arasında məsafə uzaq olsa da, hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsi bu məsafəni qısaldır, xalqlarımızı bir-birinə yaxınlaşdırır.
Astara rayonunun nümayəndə heyətinin Kolumbiya Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astaranın qardaşlaşması ilə bağlı təklifi diplomat Assad Jose Jater Pena razılıqla qarşılayıb.
Ölkəsi haqqında məlumat verən diplomat bildirib ki, Kolumbiya inkişaf etməkdə olan aqrar-sənaye ölkəsidir. Neft ehtiyatlarına görə Latın Amerikasında üçüncü, daş kömür ehtiyatlarına görə isə birinci yeri tutur.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
Həmin gün kolumbiyalı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzində, rayon mərkəzi kitabxanasında və Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində də olub.