DÜNYA
Konqresvumen Aleksandriya Okasio-Kortes Amerika kapitalizmini kəskin tənqid edib
Vaşinqton, 11 mart, AZƏRTAC
Nyu-York ştatından olan konqresvumen Aleksandriya Okasio-Kortes Amerika kapitalizmini kəskin tənqid edib.
AZƏRTAC xəbər verir ki, bu gənc konqresvumen Texas ştatının Ostin şəhərində keçirilən illik “South by Southwest” festivalında çıxış edərək müasir kapitalizmin varlılarla yoxsullar arasında çox böyük qeyri-bərabərlik yaratdığını və bu səbəbdən, ABŞ vətəndaşlarının istəklərinə uyğun olmadığını söyləyib. O qeyd edib ki, ABŞ-ın istifadə etdiyi iqtisadi model ölkənin maddi nemətlərinin bölüşdürülməsində bərabərliyi tamamilə aradan qaldırıb. Okasio-Kortes vurğulayıb ki, kapitalizmdə pula hər şeydən artıq üstünlük verilir, insan isə ikinci dərəcəli rol oynayır. Kapitalizmin əsas məqsədi “həm insanlara, həm də ətraf mühitə münasibətdə nəyin bahasına olursa olsun pulu təmərküzləşdirmək və maksimum mənfəət əldə etməkdir”.
Bununla bərabər, konqresvumen qeyd edib ki, kapitalizmin müəyyən faydalı xassələri var, sadəcə həmin xassələrdən müvafiq şəkildə istifadə etmək lazımdır. Demokratik sosializmin tərəfdarı olan siyasətçi hazırda ABŞ-da mövcud olan iqtisadi sistemin məhz bu modellə əvəzlənməsini münasib hesab edir.
Ənənəvi kapitalizmin tərəfdarları olan Respublikaçılar partiyasının üzvləri Okasio-Kortesin söylədiklərini dərhal sosial şəbəkələrdə tənqid etməyə başlayıblar.
Yusif Babanlı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton