SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun iclası olub
AZƏRTAC xəbər verir ki, iclasda H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 6 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin vəkilinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Q.Məhərrəmovanın H.Hacıyevə, H.Cəfərova və digərlərinə qarşı qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında verilmiş şəhadətnamənin ləğv olunması, həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 6 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.4-cü, 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.