CƏMİYYƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8-ci və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər - Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Maliyyə nazirliklərinin, Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı çıxışları, ekspert qismində Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 12-ci və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqıdan sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əməkhaqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.