SİYASƏT
Könül Nurullayeva: Azərbaycanın masa üzərindəki konkret təklifləri bölgənin inkişafı və rifahına yönəlib
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərindən dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bu ərazilərdə dirçəliş prosesinin əyani şahidi olduq. Şərqi Zəngəzur regionunda aparılan işlər xüsusi qeyd olunmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat vurğulayıb ki, Kəlbəcərdə yarımstansiya fəaliyyətə başlayıb, su elektrik stansiyası yenidən qurulur, iki tunelin və Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyulub, eləcə də digər infrastruktur layihələri icra edilməkdədir. Yeddi yüz kilometrlik yolun çəkilişinin qışa qədər təqribən 80 faizinin icrası hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyimizə imkan verəcək: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qayıdış üçün bizə zaman lazımdır. Otuz il ərzində ermənilərin viran qoyduğu, xarabalığa çevirdiyi ərazilərin bərpası təbii ki, vaxt tələb edən prosesdir. Müsbət məqam isə budur ki, həm Qarabağın, həm də Şərqi Zəngəzurun bərpası üçün Azərbaycan kifayət qədər maliyyə vəsaiti toplayıb. Əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Gələn ilin əvvəlində tamamlanacaq və Zəngilan rayonunda 3 kəndi birləşdirən layihə ilkin təcrübə olacaq”.
Bərpa prosesinin həm də bölgədə dayanıqlı sülhə xidmət etdiyini vurğulayan K.Nurullayeva deyib: “Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birilərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə pozucu fəaliyyətindən əl çəkməlidir. Çünki Azərbaycanın masa üzərində olan konkret təklifləri bölgənin rifahına yönəlib. Kommunikasiyaların paralel açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi, eyni zamanda, Ermənistanın dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yaratmasına imkan verəcək. Bu, Ermənistan üçün fürsətdir”.
Deputat əlavə edib ki, Azərbaycan üçün yaranan imkanlara gəlincə, Zəngəzur dəhlizi Bakı–Tbilisi–Qars dəmiryolu xəttindən sonra ölkəmizlə Türkiyəni birləşdirəcək ikinci istiqamət olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşməsi isə xüsusilə strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi də Azərbaycanın haqlı tələblərindən biridir. Dövlətimizin başçısının da söylədiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır.
Ermənistan da dərk etməlidir ki, yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə Avrasiyanın yeni bir nəqliyyat layihəsinin reallaşması mümkün olacaq.