CƏMİYYƏT
“Könüllü qida nəzarətçisi“ proqramına yeni qoşulan könüllülərlə videokonfrans keçirib
Bakı, 1 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü qida nəzarətçisi“ proqramına yeni cəlb edilən könüllülərlə videokonfrans keçirilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseynin də iştirak etdiyi videokonfransda müasir dövrün innovativ məşğulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, könüllülərə agentliyin fəaliyyət istiqamətləri və “Könüllü qida nəzarətçisi” proqramı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə əlaqədar biliklərini artırmaq və ən əsası, qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb olunmalarını təmin etməkdir.
Onlayn konfransda pandemiya şəraitində yaranan mövcud vəziyyət, COVID-19-un profilaktikası istiqamətində agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə bəhs olunub. Bildirilib ki, agentlik tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla ictimai iaşə obyektləri və ərzaq məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlanaraq sahibkarlara təqdim edilib və həmin metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə mütəmadi reydlər həyata keçirilir. Bu sahədə sahibkarların və istehlakçıların maarifləndirilməsi işlərinə agentliyin könüllü qida nəzarətçiləri də cəlb edilib. Agentlik əməkdaşları videokonfransda könüllüləri maraqlandıran suallara da aydınlıq gətiriblər.
Qeyd edək ki, “Könüllü qida nəzarətçisi“ proqramı çərçivəsində könüllülərlə videokonfranslar mütəmadi olaraq davam etdiriləcəkdir.