CƏMİYYƏT
Könüllülər “Mən karantində” virtual çağırışına qoşulurlar
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən sərt karantin rejimi dövründə gənclərin vaxtlarını səmərəli keçirmələri üçün maraqlı çağırışa başlayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, pandemiya dövründə də fəal şəkildə maarifləndirici və faydalı aksiyalarda iştirak edən könüllülərin evdə qalaraq vaxtlarını səmərəli və faydalı keçirmələri üçün başladılan virtual aksiyada gənc könüllülər evdə qaldıqları zamanı necə keçirdiklərini nümayiş etdirəcəklər. Belə ki, gənclər evdə qaldıqları müddətdə oxuduqları kitabları, iş masalarını, rəsm bacarığı olanlar isə çəkdikləri rəsmləri, evdə və ya bağçada hazırladıqları dekorları və ya qoşulduqları faydalı layihə və tədris proqramları ilə bağlı foto və ya videoları #mənkarantində həştəqi ilə sosial media hesablarında paylaşa bilərlər.
Sosial aksiyanın məqsədi sərt karantin rejimində gənclərin evdə qaldıqları zamanı səmərəli keçirmək üçün çağırış ünvanlamaq, faydalı fəaliyyətlə məşğul olan gənclərin bunu paylaşaraq digərlərini də təşviq etməsinə nail olmaqdır.