CƏMİYYƏT
“Könüllülər dekadası”nın açılışı olub
Bakı, 2 dekabr, AZƏRTAC
“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “Azərbaycan İdman Könüllüləri”, “Azərbaycan İdmançıları” İctimai birliklərinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə “Könüllülər dekadası”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun azad olunması ilə bağlı xalqa müraciətinin nümayişi ilə başlayıb.
Daha sonra tədbirin moderatoru, Gəncə şəhəri üzrə idman könüllüləri qrupunun rəhbəri Altun Süleymanov “Könüllülər ili” çərçivəsində görülmüş işlər və COVID-19 pandemiyası dövründə aparılan təbliğat fəaliyyəti ilə bağlı məlumat verib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə növbəti on gün ərzində keçiriləcək tədbirlər haqqında qısa məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. O bildirib ki, silsilə tədbirlər zamanı paytaxtda və regionlarda “Şəhidini və qazini tanı” layihəsi çərçivəsində şəhid və qazilərin ailələri ziyarət olunacaq. Həmçinin qəhrəmanlarımızın keçdikləri rəşadətli döyüş yolu haqqında qısa videoçarxlar təqdim olunacaq.
M.Seyidzadə Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin ümumrespublika konfransının keçiriləcəyini, Olimpiya Oyunlarında mükafat qazanmış idmançılarla görüşlərin, “Könüllülər və vətənpərvərlik”, “İdmanda dopinq əleyhinə mübarizədə könüllülərin rolu” mövzularında onlayn seminarların təşkil ediləcəyini bildirib.
İkinci Qarabağ müharibəsinin qazisi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin Astara rayonu üzrə nümayəndəsi Abbas İbrahimli Vətən uğrunda göstərdiyi şücaətlə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb.