İQTİSADİYYAT
Könüllülər vergiödəyicilərinə xidmət göstərəcəklər
Bakı, 16 aprel, AZƏRTAC
Vergilər Nazirliyi "ASAN Könüllüləri" ilə birgə yeni layihəyə başlayıb. Yaxın vaxtlarda könüllü gənclər vergiödəyicilərinə xidmət mərkəzlərində fəaliyyətə başlayacaqlar.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Binəqədi rayonunda fəaliyyət göstərən Vergiödəyicilərinə xidmət mərkəzində könüllü gənclərlə nazirliyin rəhbər şəxslərinin görüşü keçirilib.
Bildirilib ki, "ASAN xidmət" mərkəzlərində yaradılan könüllülük ənənəsinin digər dövlət orqanlarında da tətbiqi çərçivəsində Vergilər Nazirliyi həmin gənclərin potensialından öz strukturlarında istifadə edəcək. Layihənin daha bir məqsədi odur ki, gənc kadrlar vergi orqanlarında təcrübə yığaraq, gələcəkdə vergi orqanlarında işləmək arzularını reallaşdıra bilsinlər.
"ASAN Könüllüləri" vergiödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, ödəyicilərə göstərilən xidmətlər barədə onlara məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və xidmət müddətində onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzlərdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. Könüllülərin xidmət mərkəzlərindəki işinin qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Layihə uğurlu alınarsa, gələcəkdə digər sahələrdə də könüllülərin gücündən istifadə edilə bilər.
Hazırda isə ölkə üzrə 50-dən çox vergiödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir və onlardan 4-ü paytaxtda yerləşir. Bakı şəhərində fəaliyyət göstərən mərkəzlərdə könüllü kimi çalışmaq üçün ilkin mərhələdə 30 nəfər gənc seçilib.