DÜNYA
Koreya Respublikası sentyabrda İrandan neft almayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Koreya Respublikası sentyabr ayında İrandan neft tədarük etməyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqədar olaraq Koreya Respublikası İrandan neft tədarükünü əhəmiyyətli dərəcədə azaldıb. Sentyabr ayında isə bu ölkə İrandan neft almayıb.
Belə ki, Koreya Respublikası 2012-ci ilin sentyabrından bu vaxtadək ilk dəfə olaraq İrandan neft almayıb. Bu ilin yanvar-sentyabr aylarında isə İrandan Koreya Respublikasına göndərilən neftin həcmi 50 faiz azalıb.
Xatırladaq ki, ötən ay Koreya Respublikasının xarici işlər nazirinin müavini Yun Kang-Hyeo ölkə iqtisadiyyatının neft idxalından asılı olduğunu deyib. Bildirib ki, İranın neft ixracına yönələn sanksiyalar Koreya Respublikasının iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bu ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Koreya Respublikası və ABŞ rəsmiləri İran neftinə qarşı sanksiyalarda bu ölkəyə güzəşt olunması üçün Nyu-Yorkda müzakirələr aparıb.
Koreya Respublikası iyun ayından indiyədək İrandan xam neft tədarükünü azaldıb. Buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardır.