İQTİSADİYYAT
Korporativ idarəetmədə şəffaflıq, effektivlik və hesabatlılıq mövzusunda biznes-forum keçirilmişdir
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də PAŞA Bank və PwC Azərbaycan “Korporativ İdarəetmə: Şəffaflıq. Effektivlik. Hesabatlılıq” mövzusunda birgə biznes-forum keçirmişlər.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, PAŞA Bankın mütəxəssislərinin və PwC qlobal şəbəkəsinin aparıcı beynəlxalq ekspertlərinin iştirakı ilə keçirilmiş forumun əsas məqsədi özəl və dövlət sektorlarında korporativ idarəetmə sistemləri barədə daha dəqiq anlayışın formalaşdırılmasından, eləcə də müəssisənin şəffaf və məhsuldar fəaliyyətinin təmin edilməsi üçün zəruri daxili prosedurların vacibliyinin diqqətə çatdırılmasından ibarət olmuşdur. Dünya təcrübəsindən nümunələr, eləcə də bu sistemlərin PwC-nin yerli mütəxəssisləri və PAŞA Bank tərəfindən təşkil edilməsi və təkmilləşdirilməsi ilə bağlı müəyyən problemlərin müzakirəsi forum iştirakçılarında xüsusi maraq doğurmuşdur.
“Biz bundan sonra da nadir və hərtərəfli təcrübəmizi tətbiq etməklə, ölkə iqtisadiyyatının dinamik inkişafına təsir etməyə və şirkətlərdə mükəmməl idarəetmə sistemlərinin formalaşdırılmasına öz töhfəmizi verməyə davam edəcəyik”, - deyə PwC Azərbaycanın rəhbəri Mövlan Paşayev vurğulamışdır.
PAŞA Bankın idarə heyətinin üzvü və investisiyalar üzrə baş direktoru Taleh Kazımov bildirmişdir ki, bank xarici təcrübəyə malik ən yaxşı mütəxəssisləri cəlb etməklə şirkətlər tərəfindən beynəlxalq praktikaların, habelə fərdi sahibkarlığın sabit və davamlı inkişafının təminatı olan korporativ idarəetmə üzrə standartların tətbiqi səviyyəsinin yüksəldilməsinə yönəlmiş layihələri uğurla həyata keçirir.