İQTİSADİYYAT
Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 70 faiz artıb
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən ilin yekunlarına əsasən Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 70 faiz artıb.
Azərbaycan Kredit Bürosundan AZƏRTAC-a bildiriblər ki, 2018-ci il ərzində büronun sistemindən 30 bank və 38 Bank Olmayan Kredit Təşkilatı (BOKT) istifadə edib. Bu müddətdə büroda banklar və BOKT-lar tərəfindən 1,845,147 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70 faiz çoxdur.
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə analoji sistemdən kredit təşkilatları tərəfindən 1,080,463 sorğu yerinə yetirilib.
Büroda aparılmış sorğuların 1,651,065-i banklar, 194.082-si isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.
Ötən dövr ərzində büro tərəfindən 5 xidmət istismara verilib ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır. Eyni zamanda, 12,659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədilə büroya müraciət edib. Müraciət etmiş şəxslərin 12,573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olub.
Xatırladaq ki, Azərbaycan Kredit Bürosu 2018-ci il martın 6-dan kredit tarixçələrinin realizasiyasına başlayıb. Ötən ilin yekunlarına əsasən büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb.