CƏMİYYƏT
Külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bakı, 30 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər nəticəsində iyunun 29-da külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dünən saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı olmaları, üzərlərində iki kisədə yük olması müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.
Əraziyə baxış zaman bir ədəd lüləsi kəsilmiş tüfəng, iki kisədə təxmini çəkisi 33 kiloqram olan narkotikə bənzər maddə aşkarlanıb.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.