REGİONLAR
Kürdəmirdə Silahlı Qüvvələr Günü qeyd olunub
Kürdəmir, 26 iyun, AZƏRTAC
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Kürdəmir rayonundakı “N” saylı hərbi hissədə təntənəli surətdə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək rayon ictimaiyyəti adından hərbi hissənin şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli xidmətlərində uğurlar arzulayıb. İcra başçısı çıxışında Silahlı Qüvvələr Gününün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılandığını qeyd edib.
Vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.