CƏMİYYƏT
Kürdəmirdə bostan sahələrində monitorinq aparılıb
Bakı, 3 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kürdəmir rayonunun Pirili kəndi ərazisində bostan sahələrində monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız, yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb.
Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Bildirilib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur və bu, insan orqanizmində bəzi fəsadlara aparıb çıxara bilər. Ona görə də aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.
Qeyd edək ki, əhalinin sağlamlığını qorumaq və təhlükəsiz qida məhsulları ilə təmin etmək məqsədi ilə müşahidələr mütəmadi olaraq davam etdiriləcək.