REGİONLAR
Kürdəmirin tədris müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam etdirilir
Kürdəmir, 7 sentyabr, AZƏRTAC
Kürdəmirdə 2016-2017-ci il dərs ilində 62 məktəb, o cümlədən 58 ümumtəhsil və 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərəcək. Hazırda bütün tədris müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam etdirilir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təhsil ocaqlarının mövcud texniki vəziyyəti, dərslik və tədris avadanlıqları, məktəb binalarının fasiləsiz istilik sistemi ilə təmin olunması ilə əlaqədar monitorinqlər aparılıb, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün bir sıra işlər görülüb.
Məktəblərin yeni dərs ilinə hazırlanmasında və tədrisin keyfiyyətinin yüksəldilməsində şagirdlərin dərsliklərlə təmin olunması əsas vəzifələrdən biridir. Bu məqsədlə ötən ay 120 adda 63578 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait sentyabrın 5-dək ümumtəhsil məktəblərinə çatdırılıb.
Məktəblərin ixtisaslı pedaqoji kadrlarla tam təmin edilməsi məqsədilə Təhsil Nazirliyinə 12 ixtisas üzrə 69 müəllimə ehtiyac olduğu barədə müraciət edilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin nəticələrinə əsasən indiyədək 32 nəfər ixtisaslı kadr qeydiyyatdan keçərək pedaqoji fəaliyyətə başlayıb.
Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binası və əlavə sinif otaqlarının tikintisi, əsaslı və cari təmiri işləri xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, Mollakənd, Beyi, Karrar, Garısəyribənd, Ərəbxana kənd tam orta, Quşlar kənd ümumi orta, Yeni Şıxımlı kənd ibtidai və uşaq gənclər idman məktəblərində aparılan cari təmir, Qarabucaq kənd tam orta məktəbində əsaslı təmir işləri artıq başa çatmaq üzrədir.