SİYASƏT
Küveyt Baş nazirinin birinci müavini: Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm veririk
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman etimadnaməsinin surətini bu ölkənin Baş nazirinin birinci müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabaha təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, Azərbaycanın Küveytlə hərtərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə rəsmi səfərini xatırladaraq, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı qarşılıqlı faydalı münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib.
Səfir, eyni zamanda, Küveytin beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirib. O, iki ölkə arasında sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.
Küveytin Baş nazirinin birinci müavini, xarici işlər naziri ölkə rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin Küveytə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. Nazir, həmçinin 2013-cü ildə hökumətlərarası birgə komissiyanın ikinci iclasının keçirilməsi məqsədilə Azərbaycana səfərindən söhbət açaraq, onda ölkəmizlə bağlı xoş təəssüratlar yarandığını söyləyib.
Görüşdə xarici işlər nazirinin müavini Xalid Əl-Carullah, nazirin ofisinin müdiri Şeyx Əhməd Əl-Nasir Əl-Sabah, protokol məsələləri üzrə köməkçisi Dari Əcran Əl-Əcran da iştirak ediblər.