REGİONLAR
LAYİHƏ ÜZRƏ BU İL TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ 3 MİLYON MANAT KREDİT VERİLƏCƏKDİR
Yanvarın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində “Şimal-Şərq inkişaf layihəsi” ilə bağlı ötən ilin yekunları və bu il görüləcək işlər, bu məqsədlə müəyyən olunmuş büdcə müzakirə edilmişdir.
Layihənin əhatə etdiyi Abşeron, Dəvəçi, Siyəzən və Xızı rayonları Sudan İstifadəedənlər Birlikləri (SİB) nümayəndələrinin və texniki xidmət təminatçılarının iştirakı ilə keçirilən toplantıda qeyd edilmişdir ki, son bir ildə 4 rayonda 28 min 918 hektar torpaq əkin suyu ilə təmin olunmuş, fermerlərə heyvandarlığı, meyvəçiliyi və tərəvəzçiliyi inkişaf etdirmək üçün 150 min manat uzunmüddətli kredit verilmişdir.
Bildirilmişdir ki, “Şimal-Şərq inkişaf layihəsi”nə uyğun bu il suvarma-drenaj şəbəkələrinin təmiri və bərpasını icra edəcək təşkilatlar yaxın vaxtlarda tender yolu ilə müəyyən olunacaqdır.
Toplantıda layihənin maliyyə xidmətləri komponentindən də söz açıldı. Vurğulandı ki, bu il torpaq mülkiyyətçilərinə 2 milyon manat uzunmüddətli, 1 milyon manata qədər mikrokreditlər veriləcəkdir.
Sudan İstifadəedənlər Birliklərinin təmsilçiləri kənd təsərrüfatının inkişafı, marketinq, maşın və mexanizmlərlə bağlı məsələlərə də toxunmuş, qarşıya çıxan problemlər və onların həlli yolları barədə öz fikir və mülahizələrini söyləmişlər.
Toplantıda bu il üçün iş planı və büdcə təsdiq edilmişdir.