CƏMİYYƏT
Laboratoriya sistemlərinin gücləndirilməsi məqsədilə Gəncədə təlim təşkil olunub
Bakı, 7 iyul, AZƏRTAC
Gəncədə “Laboratoriyaların tibbi tullantıları və onların idarə edilməsi” mövzusunda təlim təşkil olunub.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirdə Gəncə ilə yanaşı Samux, Goranboy, Qazax, Gədəbəy, Mingəçevir, Ağstafa, Göygöl, Şəmkir, Daşkəsən kimi ətraf regionların nümayəndələri də iştirak edib. ÜST-ün eksperti Radu Kojokarunun təlim keçdiyi bu toplantıda, həmçinin TƏBİB-in əməkdaşları Ramin Burcəliyev və Vəfa Qocayeva da çıxış edib.
Laboratoriya sistemlərinin gücləndirilməsi məqsədilə təşkil edilən silsilə treninqlərə laboratoriya, infeksiya və biotəhlükəsizlik işləri ilə məşğul olan mütəxəssislər dəvət olunub. Təlimin iyul ayının 8-dək davam etdirilməsi nəzərdə tutulub.