REGİONLAR
Laçınlı məcburi köçkünlər 1528 hektar sahədə payızlıq səpin aparıblar
Ağcabədi, 29 yanvar, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar.
Laçın rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci il yanvarın 1-nə əhali və fermer təsərrüfatlarında 35 min 780 baş iribuynuzlu, 195 min 492 baş xırdabuynuzlu heyvan, 97 min 292 baş ev quşları, 6843 arı ailəsi olub. 2017-ci ildə rayon üzrə 23 min 449 sentner ət, 198 min 462 sentner süd, 1008 min ədəd yumurta, 3515 sentner yun istehsal edilib.
Laçınlı məcburi köçkünlər ötən il 112,2 hektarda buğda, 1005,9 hektarda arpa, 0,7 hektarda qarğıdalı, 4,7 hektarda tərəvəz, 10,5 hektarda bostan bitkiləri, 1,2 hektarda kartof, 1 hektarda şəkər çuğunduru, 1463,3 hektarda yem bitkiləri becəriblər.
Pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən ölkənin digər bölgələrində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində də tədbirlər görülür. Laçın rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ipəkqurdu üçün yem bazasının yaradılması məqsədilə Taxtakörpü ərazisində 2016-cı ildə 10 min ədəd, 2017-ci ildə min ədəd Çindən gətirilmiş, 907 ədəd isə yerli tut tingi əkilib. Ötən il ilk dəfə olaraq 101 hektarda pambıq becərən məcburi köçkünlər 153 ton məhsul əldə ediblər.
2018-ci ilin məhsulu üçün Taxtakörpü ərazisində 1527,7 hektar sahədə payızlıq səpin aparılıb. Əkinlərin 1159 hektarı arpa, 91 hektarı buğda, 274,4 hektarı təzə yonca, 3,3 hektarı çuğundurdur.