REGİONLAR
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü ərazisində dezinfeksiya tədbirləri görülür
Ağcabədi, 11 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də sanitar-dezinfeksiya tədbirləri davam etdirilir. Məcburi köçkünlərin koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi məqsədilə müvafiq qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Laçın rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ərazidəki ümumi istifadə yerlərində dezinfeksiya işləri aparılır. Bu tədbirlər məcburi köçkünlərin məskunlaşdıqları obalarda da davam etdirilir. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Laçın Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə müvafiq göstərişlər verilib.
Dezinfeksiyaedici tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur. Həmçinin əhali arasında geniş maariflənmə işləri aparılır, sakinlərə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah edilir.