İQTİSADİYYAT
Laos ilə Azərbaycan arasında enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Laos ilə Azərbaycan arasında enerji və mədənçilik sahəsində əməkdaşlıq məsələləri ölkəmizin Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanovun Laosun enerji və mədən naziri Khammani İnthilat ilə görüşündə müzakirə edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Anar İmanov Azərbaycanın enerji sahəsində nailiyyətləri barədə məlumat verib, ölkəmizin bu sahədə Laos ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər Laos ilə Azərbaycanın enerji və mədənçilik sahəsində ixtisaslaşmış şirkətləri arasında əməkdaşlığın təşviq olunmasına dair fikir mübadiləsi aparıblar.
Laosun kənd təsərrüfatı və meşəçilik naziri Lien Thikeo ilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasına dair müzakirə aparılıb.
Nazir Lien Thikeo 1984-cü ildə Azərbaycanda səfərdə olarkən ölkəmizin zəngin təbii resursları və kənd təsərrüfatı imkanları ilə tanış olduğunu qeyd edib. O, Laosun kənd təsərrüfatı imkanlarına dair məlumat verib, düyü, kofe, tütün, çay, şəkər qamışının əsas kənd təsərrüfatı məhsulları olduğunu bildirib.
Səfir A.İmanov ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkandan istifadə etməyin vacibliyini vurğulayıb. O, ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini və bu sahədə xarici ölkələrlə, o cümlədən Laosla əməkdaşlığın qurulması və inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdırıb.