CƏMİYYƏT
Latviya gənc mütəxəssisləri Avropa təcrübəsi ilə tanış olmağa dəvət edir
Riqa, 10 aprel, AZƏRTAC
Latviya Xarici İşlər Nazirliyinin parlament üzrə katibi Zanda Kalnina-Lukaşeviç Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrindən olan gənc mütəxəssisləri Avropa İttifaqının təcrübələri ilə tanış olmağa dəvət edib.
AZƏRTAC xəbər verir ki, Riqa Ali Hüquq Məktəbinin Avropa hüququ və iqtisadiyyatı proqramı üzrə növbəti yaz semestri üçün qəbul artıq başlanıb. Proqramın tərəfdaşları Norveç Krallığı, Stokholm İqtisadiyyat Məktəbi, Latviya Beynəlxalq Əlaqələr İnstitutudur.
Z.Kalnina-Lukaşeviç əlavə edib ki, proqram gənc mütəxəssislərə Avropa İttifaqını təşkil edən ideyaları, qanunları və siyasətləri öyrənməyə, məlumat əldə etməyə, daha güclü siyasətçilərə, qərar qəbul edənlərə və müzakirəçilərə çevrilmələrinə imkan verəcək.
Növbəti üç ay ərzində proqramda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən 32 mütəxəssis iştirak edəcək. İştirakçılar Latviyanın dövlət idarələrində təcrübə keçəcək, habelə Brüssel və Lüksemburqda bir həftəlik səfərdə olacaqlar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa