DÜNYA
Latviyada prezident seçkiləri ilk dəfə olaraq açıq səsvermə yolu ilə keçiriləcək
Riqa, 7 fevral, AZƏRTAC
Bu ilin yayında Latviya Seyminin deputatları ölkənin 13-cü prezidentini seçəcəklər.
AZƏRTAC xəbər verir ki, Latviyada budəfəki prezident seçkiləri ilk dəfə olaraq açıq səsvermə yolu ilə keçiriləcək.
Prezident vəzifəsinə namizədlərin adları hələ rəsmən elan edilməyib, lakin politoloqların fikrincə, indiki Prezident Raymond Veyonis çox güman ki, ikinci müddətə seçilməyəcək. “Yaşıllar və Fermerlər İttifaqı”nın (ZZS) keçmiş üzvü Veyonis dörd il bundan əvvəl “Birlik” partiyasının dəstəyi sayəsində prezident olub. Yeni parlamentin tərkibi çox dəyişib və istər “Yeni birlik” partiyasının, istərsə də ZZS-nin Veyonisi dəstəkləməsi ehtimal edilmir.
Bu həftə fraksiyaların liderləri ilə görüşən Veyonis özünün yenidən seçilmək şansını onlarla müzakirə edib. Partiyaların nümayəndələri bu müzakirənin nəticələrini şərh etmək istəmirlər, lakin etiraf edirlər ki, bu məsələ həqiqətən prezidentlə debatların mövzusu olub.
Prezidentliyə növbəti namizəd barədə müzakirələrin yaxın həftələrdə başlanacağı gözlənilir. Bu arada “Mili Alyans” partiyası Avropa Məhkəməsinin hakimi Eqils Levitsin namizədliyini irəli sürdüyünü təsdiqləyib. Levitsin namizədliyi barədə 2015-ci il prezident seçkilərində də söhbət gedirdi və deyilənə görə, indi o, prezident vəzifəsinə seçilməsi ən çox ehtimal edilən namizəddir.
Digər partiyalar isə öz namizədlərini irəli sürmək barədə hələlik konkret planları olmadığını bildirirlər.
Veyonisin səlahiyyət müddəti iyulun 7-də başa çatır, lakin adətən Seym prezidenti mayın axırlarında və ya iyunun əvvəlində seçir. Belə çıxır ki, prezident seçkiləri Avropa Parlamentinə seçkilərlə demək olar ki, eyni vaxta düşəcək.
Latviya öz prezidentini seçəcək və bu seçkilər əvvəlkilərdən fərqli olacaq, çünki yaxın vaxtlarda səsvermənin açıq olması qərara alınıb. Bu isə o deməkdir ki, seçicilər deputatların necə səs verdiklərini biləcəklər.
Aygün Əliyeva
AZƏRTAC –ın xüsusi müxbiri
Riqa