DÜNYA
Lavrenti Beriyanın Tbilisi yaxınlığındakı yay iqamətgahı hərracda 2 milyon 504 min lariyə satılıb
Tbilisi, 22 iyun, AZƏRTAC
Keçmiş SSRİ-nin daxili işlər naziri Lavrenti Beriyanın Tbilisinin yaxınlığındakı Kodjori qəsəbəsində yerləşən yay iqamətgahı (bağ evi) hərracda satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 22 min 560 kvadratmetr olan bağ evi 2 milyon 504 min lariyə (təqribən 800 min ABŞ dolları) satılıb. Evi və bağ sahəsini “İboretel” investisiya şirkəti alıb. Şirkətin direktoru İvane Barbakadze mətbuata açıqlamasında deyib ki, iqamətgahın hansı məqsədlərə xidmət edəcəyi hələlik tam məlum deyil. Lakin bağ evinin yerləşdiyi ərazi əsrarəngiz təbiəti ilə seçilir. Ona görə də iqamətgahın binasından otel kimi istifadə ediləcəyi istisna edilmir.
Qeyd edək ki, “Beriyanın daçası” kimi tanınan iqamətgah 1953-cü ildə onun güllələnməsindən sonra SSRİ Daxili İşlər Nazirliyinin balansına keçib. SSRİ-nin süqutundan sonra xüsusi arxitekturası və gözəlliyi ilə seçilən bina boş və baxımsız qalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi