İDMAN


Lazar Kovaçeviç: Bakıda dünya kuboku yarışında qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Bakı, 29 may, AZƏRTAC

Bakıda dünya kuboku yarışında qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Birinci dəfə Bakıda 2017-ci ildə keçirilmiş İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdım və nəticədə 9-cu olmuşdum. Bu dəfə yarışlara daha yaxşı hazırlaşmışdım.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda atıcılıq üzrə keçirilən dünya kuboku yarışında 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında kişilər arasında qızıl medal qazanan serbiyalı Lazar Kovaçeviç bildirib.

O qeyd edib ki, dünya kuboku yarışı yüksək səviyyədə təşkil edilib: “Turnirdə atıcılar üçün hər bir şərait yaradılıb. İmkanlarımdan maksimum istifadə edə bildiyim üçün məmnunam”.

İdmançı Azərbaycanla bağlı xoş təəssüratları olduğunu bildirərək deyib: “Azərbaycan xalqı qonaqpərvərdir. Yarışın yüksək səviyyəsini, iştirakçılara diqqət və qayğını xüsusilə qeyd etmək istəyirəm”.

Xatırladaq ki, atıcılıq üzrə dünya kuboku yarışı dünən start götürüb.

İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.