ELM VƏ TƏHSİL
Lənkəran Peşə Liseyi yeni layihəyə başlayıb
Bakı, 7 dekabr, AZƏRTAC
Lənkəran Peşə Liseyi peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği ilə bağlı yeni layihəyə başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə sərgi–seminar formatında təşkil olunub.
Tədbirdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində təşkil edilən sərgidə Lənkəran Peşə Liseyinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili və təlimi haqqında məktəb-liseyin şagirdlərinə və onların valideynlərinə məlumat verilib. Şagirdlər istehsalat prosesində iştirak ediblər.
Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları məktəb-liseyin ibtidai siniflərinə hədiyyə olunub.
Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.