ELM VƏ TƏHSİL
Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələri Neftçala Sənaye Məhəlləsində
Bakı, 6 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələrinin Neftçala Sənaye Məhəlləsinə infoturu təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun təşkil edilən infoturun məqsədi peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının formalaşdırılması, işəgötürən təşkilatlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması olub.
İnfotur zamanı liseyin mühəndis-pedaqoji heyəti və tələbələri sənaye məhəlləsində fəaliyyət göstərən müəssisələr və sahibkarlıq emalatxanası ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.
Eyni zamanda, sənaye məhəlləsində görülən işlər, fəaliyyət göstərən müəssisələr barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb.