REGİONLAR
Lənkəran Regional Elm Mərkəzinin alimləri yeni növ sitrus bitkiləri üzərində elmi-tədqiqat işləri aparır
Lənkəran, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elm Mərkəzində çay və sitrus bitkiləri üzərində elmi-tədqiqat işləri davam etdirilir.
Son illər bu sahədə bir sıra uğurlara imza atan mərkəzin kollektivi ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sitrus sortlarının yaradılması ilə bağlı tədqiqat işləri aparır.
Mərkəzin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev AZƏRTAC-ın bölgə müxbirinə tədqiqat işləri ilə bağlı məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda sitrusçuluğun elmi əsaslar üzərində inkişafı məqsədilə müəyyən edilən vəzifələri yerinə yetirmək üçün müştərək müqaviləyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının bazasında “Sitrus kolleksiya bağı” salınıb.
Burada Yaponiya, İran İslam Respublikası, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən müxtəlif növ sitrus bitkisi, o cümlədən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort-formaları üzərində elmi-tədqiqat işləri aparılır.
Bu müddət ərzində aparılan elmi-tədqiqat işləri öz bəhrəsini verməkdədir. Belə ki, yeni yaradılan 2 yeni-“Lənkəran meyeri” limon və “Karlik tezyetişən” naringi sortu 2019-cu ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən qəbul edilib. Hər iki sortun dövlət sort sınağından uğurla keçəcəyi gözlənilir.
Bundan əlavə, öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən və bölgəmiz üçün yeni olan quayava tropik-subtropik bitkisi ilə bağlı bir sıra uğurlu nəticələr əldə olunub.
İran İslam Respublikasından gətirilən quayava bitkisinin introduksiya olunması, həm otaq, həm də açıq sahə şəraitində yetişdirilməsi və artırılması ilə bağlı aparılan təcrübə işlərinin nəticələri sevindiricidir. Gələcəkdə bu bitkinin dövlət sort sınağına təqdim edilməsi nəzərdə tutulub.
AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin foyesində 2019-cu ildə dövlət reyestrinə salınmış çay sortlarından alınan quru çay və tədqiqat obyekti olan sitrus bitkilərinin məhsullarından ibarət sərgi də təşkil edilib. Sərgidə dörd növ quru çay məhsulu və 21 növ müxtəlif növ sitrus meyvəsi nümayiş etdirilir.