REGİONLAR
Lənkəranda gənclər üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib
Lənkəran, 24 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan şəhər və rayon gənclər və idman idarələrində çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim məşğələsində Gənclər və İdman Nazirliyinin regionlarla iş və kadrlar şöbəsinin kadrların uçotu sektorunun müdiri Gülgəz Tağıyeva, nazirliyin əməkdaşları - məsləhətçi Ağahüseyn Hüseynov, aparıcı məsləhətçi Vüqar Baxışov, Salyan, Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayon gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin regionlarla iş və kadrlar şöbəsinin kadrların uçotu sektorunun müdiri Gülgəz Tağıyeva təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni qaydalara uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularını formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirib.
Təlimdə qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları haqqında geniş məlumat verilib, mövzu ilə bağlı slayd nümayiş etdirilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.