REGİONLAR
Lənkəranda idman və sağlamlıq bərpa müəssisələrinin məşqçi-müəllimləri ilə görüş keçirilib
Lənkəran, 8 iyun, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, pandemiya səbəbindən bağlanan idman və sağlamlıq bərpa müəssisələrinin 10 iyun tarixdən fəaliyyətinə müəyyən qaydalar çərçivəsində icazə verilməsi ilə əlaqədar iyunun 8-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən idarənin rəisi Mikayıl Cəfərzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə pandemiya səbəbindən bağlanan idman zallarının 10 iyun tarixdən fəaliyyətinə müəyyən qaydalar çərçivəsində icazə verildiyini bildirib.
Diqqətə çatdırılıb ki, Operativ Qərargah tərəfindən keçirilən son brifinqdə qeyd olunub ki, yoluxma risklərinin azaldılması məqsədilə açılacaq idman sağlamlıq obyektlərində çalışan işçilərin immunitet sertifikatı və koronavirus (COVID-19) pasportunun tələb olunması nəzərdə tutulur. Bu, həm müəllimlərin sağlamlıqları, həm də ətrafdakıları yoluxdurmamaq üçün vacib addımdır.
Görüşdə Uşaq-Gənclər İdman Məktəbinin boks və ağır atletika üzrə məşqçi-müəllimlərinin diqqətinə çatdırılıb ki, açılacaq obyektlərdə işləyənlərin immunitet sertifikatı və (COVID-19) pasportu olmadığı təqdirdə, onlara xəbərdarlıq ediləcək və həmin idman zalları bağlanacaq.
Daha sonra Uşaq-Gənclər İdman Məktəbinin müdiri Cavid Tağıyev məşqçi-müəllimlərə məşqlərin keçirilmə qaydaları və normaları barədə məlumat verərək onlara metodik göstərişlər verib.
Görüşdə çıxış edən məşqçi-müəllimlər məşqlərin Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilməsi üçün lazım olacaq tibbi ləvazimatların təminatı ilə bağlı təkliflərini bildiriblər.