REGİONLAR
Lənkəranda karantin qaydalarını pozan 14 nəfər cərimələnib, iki nəfər barəsində cinayət işi başlanılıb
Lənkəran, 21 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.
Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb. 13 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimə olunub.