REGİONLAR


Lənkəranda keçirilən Çay, çəltik və sitrus festivalı bu sahələrin inkişafını təcəssüm etdirir VİDEO

Lənkəran, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında qələbəlik vardı. İnsanlar bayramsayağı bəzədilmiş parkda keçirilən ikinci Çay, çəltik və sitrus festivalına toplaşmışdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən “Məhsul bayramları”nı xatırladırdı. 1979-cu ildə rayonda təşkil olunan “Məhsul bayramı”nda ümummilli lider Heydər Əliyev də iştirak etmişdi.

Bu gün Lənkəran Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sürətli inkişaf dövrünü yaşayır, sosial-iqtisadi sahədə böyük uğurlara imza atır. Cari ildə rayonda aqrar bölmənin bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub. İkinci ildir keçirilən Çay, çəltik və sitrus festivalı da bu sahələrin inkişafını təcəssüm etdirir.

Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş uğurları bayram sevinci ilə qeyd edən lənkəranlıların fikrincə, bu festival təkcə aqrar sektorda deyil, həm də rayonda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində qazanılmış nailiyyətlərin nümayişi baxımından əla imkandır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda dövlət və hökumət rəsmiləri, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü - dillər əzbəri”, “Qonaq evin ruzi-bərəkətini artırar” adlı pavilyonlarla və digər stendlərlə tanış olublar.

Rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, yerli təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət bayram süfrəsi qonaqların xüsusi marağına səbəb olub.

Tədbir iştirakçılarına yüksəkkeyfiyyətli yerli düyü sortlarından - “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamı - ləvəngi və digər milli xörəklər təqdim edilib.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ikinci dəfə keçirilən Çay, çəltik və sitrus festivalı münasibətilə təbrik edib. Qızıl payız günündə rayon sakinlərinin bahar ovqatı yaşadıqlarını vurğulayan T.Qaraşov birinci festivaldan ötən müddətdə Lənkəranda bütün sahələrdə böyük nailiyyətlərin qazanıldığını bildirib. Diqqətə çatdırılıb ki, çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına dair Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində respublika müşavirəsi keçirilib və bu müşavirənin nəticəsi olaraq müvafiq Dövlət Proqramı qəbul edilib. Bütün bunlar həmin sahələrdə əsaslı dönüşün başlanğıcını qoyub.

Bayram tədbirində aqrar bölmədə uğur qazanmış fermer və məhsul istehsalçılarının bir qrupu fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Festival çərçivəsində şəhərin mərkəzi meydanında satış-sərgi də təşkil olunub.

Axşamadək davam edən tədbirdə bədii özfəaliyyət kollektivləri rəngarəng, ədəbi-bədii kompozisiyalarla çıxış edib, əyləncəli və musiqili proqramlar təqdim olunub.

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.