REGİONLAR
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
Lənkəran, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sabah İslam dünyasında Məhərrəm ayının onuncu günü - Aşura qeyd olunur. Miladi təqvimi ilə sentyabrın 11-də başlayan Məhərrəm ayı ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvada qeyd olunub ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır.
Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran şəhərində qanvermə aksiyası keçirilib.
Lənkəran şəhərindəki “Böyük bazar” məscidində keçirilən aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Mərkəzi Qan Bankının Lənkəran bölməsinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən qanverməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən yoxlanılıb.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Sədi Axundzadənin verdiyi məlumata görə, humanitar aksiyada Lənkəran və ətraf rayonların təxminən 300 sakini iştirak edib. Onlardan yalnız 130 nəfərindən qan götürülüb.
Aksiyada götürülən qanlar laboratoriyada yoxlanıldıqdan sonra xəstələrə yardım məqsədilə sertifikatlaşdırılacaq və qan bankında toplanacaq.