CƏMİYYƏT
Lənkəranda keçirilən oftalmoloji aksiya zamanı 245 nəfər müayinə, 11 nəfər cərrahi əməliyyat edilib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 12-dən 14-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirib. Fevralın 12-13-də müayinələr, fevralın 14-də isə cərrahi əməliyyatlar icra olunub.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində 245 nəfər müayinə olunub, 11 nəfər isə cərrahi əməliyyat edilib. Müayinələr zamanı konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. oftalmoloji xəstəliklər aşkarlanıb.
Üç gün davam edən aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarət idi.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildə fəaliyyətə başlayıb. Növbəti aksiyasını keçirən Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir.