REGİONLAR
Lənkəranda təhsilin maddi-texniki bazası möhkəmləndirilir
Lənkəran, 26 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonda ümumilikdə 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb. Köhnə binalarda yerləşən, qəzalı vəziyyətdə olan 45 məktəb üçün ən müasir tələblərə cavab verən yeni binalar tikilərək istifadəyə verilib.
Rayonda 2824 şagird yerlik 9 məktəb binası inşa edilərək istifadəyə verilib, Osman Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi və inteqrasiya təlimli internat tipli gimnaziya isə əsaslı təmir olunub.
Hazırda Lənkəranda daha 3 məktəb - 632 şagird yerlik Haftoni, 420 şagird yerlik Nərimanabad qəsəbə və 360 şagird yerlik Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda tamamlama işləri görülür.
Bundan əlavə, dövlət vəsaiti hesabına rayonun Gəgiran kəndində 260 şagird yerlik yeni məktəb binası tikilir.
Lənkəran şəhərində 1076 şagird yerlik şəhər 7 nömrəli və 640 şagird yerlik Zövlə kənd tam orta məktəbində isə əsaslı təmir və bərpa işlərinə başlanılıb.