REGİONLAR
Lerik: kütləvi tibbi müayinə zamanı 143 nəfər ambulator, 11 nəfər isə stasionar müalicəyə cəlb edilib
Lerik, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi kampaniyası Lerik rayonunda da mütəşəkkil qaydada davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələr rayon mərkəzi xəstəxanasında aparılır. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün xəstəxanada hər cür şərait yaradılıb.
Rayon sakinləri xəstəxananın konsultativ poliklinika şöbəsində yüksəkixtisaslı, təcrübəli həkim-mütəxəssislər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilirlər.
Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev bildirib ki, humanitar aksiya çərçivəsində indiyədək 5000 nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib. Xəstəlik aşkar edilən vətəndaşlardan 143 nəfəri ambulator, 11 nəfəri isə stasionar müalicəyə cəlb edilib. Müalicəsi rayonda mümkün olmayan 2 nəfər isə Bakı şəhərindəki müvafiq səhiyyə müəssisələrinə göndərilib.
Tibbi müayinədən keçən sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək, vətəndaşların sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, kütləvi tibbi müayinə aksiyası mayın 12-dək davam edəcək.