CƏMİYYƏT
Lerik və Naftalan məktəblərində şagirdlərə sağlam qidalanma haqqında məlumat verilib
Bakı, 25 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirləri Lerik rayonu 1 nömrəli texniki-təmayüllü məktəb-lisey və Naftalan şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib.
Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib.
Agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb və onlar “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etməyə dəvət ediliblər.