ELM VƏ TƏHSİL
Leyla İmanova: Kitabxanalar akademik icmanın mərkəzinə çevrilməlidir
Bakı, 5 dekabr, AZƏRTAC
1998-2018-ci illərə aid rəqəmsal informasiyanın idarəolunma proseslərini analiz etdikdə bir sıra problemlərin dinamikası aşkar izlənilir. İyirmi il öncə çap sənədlərin elektron formata keçirilməsi, elektronlaşmanın maliyyə baxımından daha sərfəli başa gəlməsi, elektron məlumatın şəbəkə çərçivəsində yayımlanması, rəqəmsal bazaların və elektron kataloqların formalaşdırılması, elmi elektron məlumat bazalarının düzgün təqdim olunması problem kimi müzakirə olunurdu.
Bunu dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibətilə “Kitabxanalar-ənənələr və innovasiyalar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova söyləyib.
Tədbirdə L.İmanova “Müasir kitabxanalarda akademik informasiya xidmətlərinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Bu gün problemlərin tamamilə başqa müstəviyə keçdiyini deyən MEK-in rəhbəri hazırda kitabxanaların üzləşdiyi çətinliklərdən danışıb. O, kitabxanaların akademik icmanın mərkəzinə çevrilməsi, mövcud e-kataloq və bazaların tətbiqi aspektləri, elmi informasiyanın yayımlanmasında nüfuzlu elmi nəşrlərdən sonrakı dövrü, informasiyanın idarə olunmasına dair bilik və bacarıqların inkişaf etdirilməsi, onun sərbəst ensiklopedik resurslarda tətbiqi, kiber və kontent təhlükəsizliyi, bulud serverlərdə saxlanılmasının hüquqi aspektləri, eləcə də mövcud informasiya mənbələrinin arasından etibarlı elmi mənbənin seçilməsi və təqdim olunması, müəllif hüquqlarının qorunması və s. məsələlərin cari problemlər hesab edildiyini vurğulayıb.
L.İmanova səsləndirilən problemlərin MEK tərəfindən həlli istiqamətində görülən işlərdən də danışıb. Kitabxananın ən böyük layihələrindən olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin həyata keçirildiyini, MRY-nin elmiləşdirilib başqa istiqamətlərə tətbiq olunduğunu, Vahid İdarəetmə Sisteminin praktiki olaraq icra edildiyini, MEK-in “Vikipediya” Metodik Mərkəzinin fəaliyyəti, həmçinin informasiya təhlükəsizliyi və müəllif hüquqlarının qorunması yönündə görülən ardıcıl tədbirləri diqqətə çatdırıb.