DÜNYA
Litva Avropa İttifaqında vaksin istehsalında iştirak etmək istəyir
Vilnüs, 30 aprel, AZƏRTAC
Litvanın Baş naziri İnqrida Şimonite Avropa Komissiyasının (AK) üzvü Tyeri Breton ilə Litvanın vaksin istehsalının inkişafına necə töhfə verə biləcəyini müzakirə edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, Litva hökumətinin mətbuata verdiyi açıqlamada deyilir: “Bizim güclü elmi-tədqiqat potensialı ilə fərqlənən dünya səviyyəli biotexnologiya sənayemiz var. Litvalı alimlərin, biznesin və qurulmuş yeni tərəfdaşlıq münasibətlərinin böyük miqdarda vaksin təminatı ilə bağlı Aİ-nin cəhdlərinə töhfə verə biləcəyinə şübhə etmirəm”.
AK üzvü Tyeri Breton mətbuata verdiyi açıqlamasında AK-nin COVID-19-a qarşı vaksin istehsalı həcmini sürətləndirmək və artırmaq, birliyin bütün ölkələrinə mövcud vaksin tədarükünün müntəzəmliyinin təmin edilməsi məqsədilə təşəbbüsə başladığını bildirib.
Danışıqlar zamanı vaksinasiyanın vacibliyinə dair obyektiv informasiya, “yaşıl” Avropa sertifikatı barədə müzakirələr aparılıb. Baş nazir Komissarı yaxın vaxtlarda Litvaya səfərə dəvət edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs