DÜNYA
Londonda Kraliça II Elizabetin hakimiyyətinin 70-ci ildönümü şərəfinə parad keçirilir VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Londonda Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının platin yubileyi şərəfinə təntənəli parad keçirilir.
AZƏRTAC Böyük Britaniya mediasına istinadla xəbər verir ki, tədbirdə kraliyyət silahlı qüvvələrinin müxtəlif bölmələrindən 1,5 mindən çox hərbçi və 400 musiqiçi iştirak edir. Yürüş ənənəvi olaraq Buckingham sarayından başlayıb və süvari qvardiyanın parad meydançasında başa çatacaq. Paradı 96 yaşlı Kraliça Elizabetin adından onun oğlu Uels şahzadəsi Çarlz qəbul edəcək.
Paytaxtın mərkəzində keçirilən paradı milyonlarla britaniyalı ilə yanaşı, monarx ailəsinin üzvləri, o cümlədən şahzadə Çarlzın böyük oğlu Kembric hersoqu Uilyam, onun həyat yoldaşı Kornuoll hersoginyası Kamilla və bacısı şahzadə Anna, şahzadə Uilyamın həyat yoldaşı Kembric hersoginyası Ketrin, ülyahəzrətin kiçik oğlu Uesseks qrafı Edvard və həyat yoldaşı Sofi, həmçinin Qloster hersoqu Riçard və həyat yoldaşı Birgitta da izləyir. Bundan başqa, II Elizabetin nəvəsi şahzadə Harri xanımı Meqan Markl ilə birlikdə tədbiri izləmək üçün ABŞ-dan Londona gəlib.
İyirmi beş yaşında taxta çıxan II Elizabet 2015-ci ilin sentyabrında hakimiyyətdə qalma müddətinə görə Kraliça Viktoriyanın (1819-1901) rekordunu yeniləyib. 2016-cı il oktyabrın 13-də Tailand kralı Pumipon Adulyadet (IX Rama) vəfat etdikdən sonra o, hazırda yaşayan və ən çox hakimiyyətdə qalan monarx titulunu qazanıb.
İndiyə qədər hökmdarlıq edən qadınlar arasında ən uzun müddət taxtda qalan Kraliça II Elizabet hələ ki, 72 il 110 gün taxt sahibi olan Fransa Kralı XIV Lüdovikin (1638-1715) nailiyyətini təkrarlaya bilməyib. Tarixdə təsdiqini tapan ən uzun hökmranlıq müddəti isə dörd aylığında taxt-tac sahibi olan və 82 il 254 gün hakimiyyətdə qalan Svazilend (indiki Esvatini) Kralı II Sobuza məxsusdur.