DÜNYA
Luqanoda Ukraynada yenidənqurma ilə bağlı yeddi prinsip qəbul olunub
Bern, 5 iyul, AZƏRTAC
İsveçrənin Luqano şəhərində Ukraynada yenidənqurma ilə bağlı keçirilən beynəlxalq konfransda ölkənin bərpasına dair yeddi prinsip qəbul edilib.
AZƏRTAC xəbər verir ki, “Ukrayna Bərpa Konfransı“ adlanan beynəlxalq tədbirin yekununda qəbul olunmuş bəyannamədə bərpa və yenidənqurma ilə yanaşı ölkədə diqqətin islahatlara yönəlməsi, qanuna hörmət, dayanıqlı inkişaf və vətəndaş cəmiyyətin demokratiya quruculuğunda iştirakı kimi prinsiplər əks olunub.
“Luqano prinsipləri“ adlanan sənədin müzakirəsi və qəbulunda 40-dan artıq ölkənin, Avropa İnvestisiya Bankı, Aİ, BMT və digər beynəlxalq təsisatların təmsilçiləri iştirak ediblər. Ukrayna və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın mahiyyətini özündə ehtiva edən sənəddə qeyd edilən prinsiplər əsasında ölkənin yenidən dirçəldilməsi üçün vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur. Həmçinin vurğulanıb ki, rəsmi Kiyev qanunun aliliyi, oliqarxların təsirinin məhdudlaşdırılması və korrupsiyaya qarşı mübarizə kimi sahələrdə irəliləyiş əldə etməlidir.
Konfransda növbəti ildə Böyük Britaniyada, 2024-cü ildə isə Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransın keçirilməsinə dair razılıq əldə edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern