ELM VƏ TƏHSİL
MAYIN 3-DƏ RUS BÖLMƏSİ ABİTURİYENTLƏRİ “AZƏRBAYCAN DİLİ” FƏNNİNDƏN İMTAHAN VERMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun tələblərinə əsasən, mayın 3-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Qusar şəhərlərində imtahan keçirmişdir.
TQDK-dan bildirmişlər ki, bu imtahanda iştirak etmək üçün sənəd verən abituriyentlərin sayı 10 min 143 nəfər olmuşdur. İmtahanlar hər yerdə eyni vaxtda - saat 14:00-da başlanmışdır.
İmtahanda qəbul qaydalarına uyğun olaraq “Elektron ərizə”lərini bu il aprelin 23-dək təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak etmişlər.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.
Mayın 3-də keçirilmiş imtahanda “qeyri-məqbul” alan abituriyentlər qəbul qaydalarına əsasən, iyunun 20-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə biləcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılmışdır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilmişdir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 10-dan az olmamalıdır.
Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
“Elektron ərizə”lərini sənəd qəbulu komissiyalarında bu il aprelin 23-dən sonra təsdiq etdirən rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 20-də keçiriləcək imtahanda iştirak edəcəklər.
May və iyun aylarında keçirilən imtahanlarda “qeyri-məqbul” alan və yaxud hər iki imtahanda iştirak etməyən rus bölməsinin abituriyentləri Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qruplar üzrə qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
######