CƏMİYYƏT
MDB-də 100 min əhaliyə ən çox rast gəlinən yoluxma halları yenidən Ermənistanda qeydə alınıb
Bakı, 21 yanvar, AZƏRTAC
MDB məkanında 100 min əhaliyə ən çox rast gəlinən yoluxma halları yenidən Ermənistanda qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında dərc edilmiş MDB ölkələrində kəskin respirator infeksiyalara və qripə yoluxma hallarının mövsümi yüksəlişi dövründə yeni koronavirus infeksiyasının epidemioloji xüsusiyyətləri və populyasiya immunitetinin vəziyyəti barədə məlumatda deyilir.
2020-ci il dekabrın 23-nə olan məlumata görə MDB iştirakçısı olan dövlətlərdə COVID-19-a 4 988 711 yoluxma halı qeydə alınıb ki, bu da dünyada yoluxma hallarının 6,3 faizini təşkil edir. Ən çox yoluxma halları Rusiya Federasiyasında qeydə alınıb (2 933 753).
Bununla yanaşı, 100 min əhaliyə ən çox yoluxma halı Ermənistan Respublikasında (5 191) və Moldova Respublikasında (3 351) qeydə alınıb.
MDB-yə üzv dövlətlərdə ölüm nisbəti Tacikistan Respublikasında 0,7 faizdən Moldova Respublikasında 2 faizə qədər dəyişir ki, bu da ölüm hallarının qeydə alınması xüsusiyyətləri, həmçinin xəstəxanaya yerləşdirmə müddəti və tibbi yardımın vaxtında göstərilməsi ilə əlaqəli ola bilər. Qırğızıstan Respublikasında (1,9 faiz), Rusiya Federasiyasında (1,8 faiz), Ermənistan Respublikasında (1,7 faiz), Ukraynada (1,7 faiz), Qazaxıstan Respublikasında (1,4 faiz) və Azərbaycan Respublikasında (1,1 faiz) ölüm halları qeydə alınıb.
MDB-nin iştirakçısı olan dövlətlərdə yoluxma dinamikası gündəlik aşkar olunan yeni halların sayını sabitləşdirmək tendensiyasını nümayiş etdirir, bir sıra dövlətlərdə, o cümlədən Azərbaycanda yoluxma hallarının azalması müşahidə edilir, deyə MDB-nin saytında bildirilir.