REGİONLAR
MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclasının iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar
AZƏRTAC xəbər verir ki, qonaqlara mərkəz barədə əraflı məlumat verilib. Bildirilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir.
Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Qeyd olunub ki, 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.
Sonra qonaqlar muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malik olan Naxçıvan şəhərindəki Biznes Mərkəzində olublar. MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının XII iclasının iştirakçılarına bildirilib ki, milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. Sərgi salonunda pavilyonlar, müasir tərcümə avadanlığı, proyektorlar və səsgücləndiricilər quraşdırılıb. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların yüksək səviyyədə təşkilinə imkan verir.
Mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.
MDB ölkələrindən gələn qonaqlar muxtar respublikanın ən böyük ticarət obyekti olan “Cahan” Alış-Veriş Mərkəzində də olublar.
Qeyd edək ki, sentyabrın 16-da qonaqlar Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun türbəsi, “Naxçıvanqala” Dövlət Tarix-Memarlıq Kompleksi və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası ilə tanış olmuşdular.