İDMAN
“MEDİA KUBOKU - 2007” BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 7- də ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə “Şərq” qəzetinin KİV komandaları arasında təşkil etdiyi mini-futbol turniri - “Media Kuboku -2007” başa çatmışdır. Bir ay davam edən yarışlarda “Super-Market” qəzetinin komandası finalda “Respublika”çılara 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanmışdır.
Turində 3-cü yeri “Həftə İçi + Denqi” qəzetlərinin birləşmiş komandası tutmuşlar.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, turnirin təşkilat komitəsinin rəhbəri Akif Aşırlı bildirmişlər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi ümummilli lider olduğuna görə xoşbəxtdir. Xalqımız hər il Heydər Əliyevin doğum gününü xüsusi məhəbbətlə qeyd edir.
Bütün turnir iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürlərini bildirən natiqlər qeyd etmişlər ki, ölkəmizin rəhbəri KİV-lərin inkişafı üçün lazım olan bütün tədbirləri görür.
Sonra qalib komandalar mükafatlandırılmış, onlara kubok və hədiyyələr təqdim edilmişdir.